REGİONLAR
Lənkəran Dövlət Universitetinin müəllim və tələbələri “Şənbə axşamı” tamaşasına baxıblar
Lənkəran, 25 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universiteti (LDU) ilə Lənkəran Dövlət Dram Teatrı arasında yaradıcılıq əlaqələri genişlənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun müəllim və tələbələri yaradıcı kollektivlə keçirilən növbəti görüşdə teatrın direktoru Tofiq Heydərov əməkdaşlığa görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Teatrın son tamaşalarından, qastrol səfərlərindən danışan T.Heydərov Xalq artisti, Prezident mükafatçısı Qabil Quliyevin anadan olmasının 70 illiyinin cənub bölgəsində geniş qeyd edildiyini diqqətə çatdırıb.
Professor Natiq İbrahimov qarşılıqlı əməkdaşlığın, yaradıcılıq əlaqələrinin dinamik inkişafının hər iki tərəf üçün səmərəli olduğunu qeyd edərək, universitetdə “Tələbə teatrı” yaratmaq ideyasının reallaşması ilə əlaqədar peşəkar aktyorların dəstəyinin vacib olduğunu vurğulayıb.
O, Qabil Quliyevə 70 illik yubileyi münasibətilə təşəkkürnamə təqdim edib, Xalq artistinin 70 illik yubileyinin LDU-da da qeyd olunacağını bildirib.
Sonra Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu-rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Fərəcova ifa ediblər.