REGİONLAR
Lənkəran: Həzi Aslanovun ev-muzeyi, “Qoşa qala qapıları”, “Mayak” binası, Bayraq Meydanı məktəblilərin böyük marağına səbəb olub
Lənkəran, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Bakının Suraxanı, Xəzər, Pirallahı və Qaradağ, eləcə də Xocalı, Zaqatala, Balakən, Qax, Mingəçevir və Kəlbəcər rayonlarının məktəbliləri noyabrın 19-da Lənkəran rayonu ilə tanışlığı davam etdiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilər və onların müəllimləri Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Xan evi”nə gəliblər.
Məktəblilərə məlumat verilib ki, bu tarixi abidə 1913-cü ildə xan nəslindən olan Mirəhməd xanın dəvəti ilə Avropadan gətirilmiş memarlar tərəfindən inşa edilib. Üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binası sayılır. Burada ilk dəfə sovetlər dönəmindən əvvəl işıqlandırma və mərkəzi istilik sistemi quraşdırılıb. Hazırda bu binada yerləşən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin fondunda 6000-dən çox eksponat qorunur.
Lənkəran şəhərindəki “Qoşa qala qapıları”, “Mayak” binası, Bayraq Meydanı, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub. Qəhrəmanın ev-muzeyi 1969-cu il mayın 9-da yaradılıb. Muzeydə 5 ekspozisiya otağı fəaliyyət göstərir.
Günün ikinci yarısında tur-aksiya iştirakçıları Lənkərandakı Hirkan Milli Parkına və “Xanbulan” istirahət mərkəzinə səyahət ediblər. Məktəblilərə məlumat verilib ki, Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 21 min 435 hektar ərazini əhatə edir. Diqqətə çatdırılıb ki, 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Milli Park Hirkan qoruğunun və əlavə olaraq qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESCO-nun tərtib etdiyi “Ümumdünya Mədəni və Təbii İrs Siyahısı”na daxil olması üçün qeydiyyata alınıb. Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.
Tur-aksiya iştirakçılarına cənub bölgəsində çayçılığın inkişafı tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.
Ölkəmizin cənub bölgəsinə səyahət edən tur-aksiyanın iştirakçıları noyabrın 20-də Astara və Masallı rayonları ilə tanış olacaqlar.