REGİONLAR
Lənkəran Peşə Liseyi tərəfindən yetişdirilən 235 ədəd dekorativ ağac Cocuq Mərcanlıya göndərilib
Lənkəran, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu.
İndi ölkəmiz üçün yeni quruculuq, azad edilmiş ərazilərin bərpası dövrü başlayır. Bu, bizim hər birimiz üçün şəhidlərimiz, qazilərimiz və tariximiz qarşısında müqəddəs borcdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə başlayan yeni quruculuq dövrünə töhfə vermək məqsədilə Lənkəran Peşə Liseyi nəcib təşəbbüsə qoşulub. Liseyin “Bitkiçilik”, “Sitrus və çayçılıq”, “Kənd təsərrüfatı istehsalı üzrə fermer” qruplarının istehsalat təcrübələrində yetişdirdikləri 235 müxtəlif növ dekorativ ağac işğaldan azad olunan ərazilərimizdə əkilməsi üçün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə göndərilib.
Qeyd edək ki, bu ilin əvvəlində Lənkəran Peşə Liseyi Cocuq Mərcanlı kənd məktəbinin tələbələri üçün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyindən virtual tur təşkil edib.
Liseydən verilən məlumata görə, gələcəkdə də təhsil müəssisəsinin təsərrüfat bazasında yetişdirilən ağacların işğaldan azad olunan ərazilərin bərpası üçün göndərilməsi nəzərdə tutulur.