REGİONLAR
Lənkəran Peşə Liseyində balıqartırma mütəxəssisləri hazırlanır
Lənkəran, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin icrasına uyğun olaraq, peşə təhsili müəssisələrində əmək bazarının və iqtisadiyyatın müxtəlif sektorlarının inkişafına dəstək vermək məqsədilə yeni ixtisaslar açılır və bu sahədə kadr hazırlığı üçün dövlət və özəl sektorla əməkdaşlıq edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Strateji Yol Xəritəsinə müvafiq olaraq Lənkəran Peşə Liseyində yaradılan yeni ixtisaslardan biri - “Balıqartırma mütəxəssisi” 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayıb.
Peşə Liseyi bu sahədə kadr hazırlığını təkmilləşdirmək və yerli təcrübəni öyrənmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Xıllı Nərə Balıqartırma Zavodu və Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı ilə əməkdaşlıq edir.
Liseyinin “Balıqartırma mütəxəssisi” qrupunun tələbələri və müəllimləri Neftçalada yerləşən Nərə Balıqartıma Zavodunda olublar.
Burada onlara balıqların mayalanması, yemlənməsi, artırılması istiqamətində praktiki təcrübələr nümayiş etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən isə liseyin tələbələri istehsalat praktikasını bu müəssisədə keçəcəklər.
Tələbələrin bu sahədə gündəlik təcrübi biliklərinin artırılması üçün liseydə kiçik balıqartırma bazası yaradılıb.
Bu sahədə ixtisaslı kadr hazırlığı Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan yüksək məhsuldarlıqlı balıq təsərrüfatlarının yaradılmasına, yeni iş yerlərinin, gəlirlərin artmasına, ərzaq təhlükəsizliyinin məsələlərinin həllinə öz töhfəsini verəcək.