REGİONLAR
Lənkəran Peşə Liseyində buraxılış imtahanı keçirilib
Lənkəran, 17 iyun, Bağır Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu ilə Lənkəran Peşə Liseyi arasında kənd təsərrüfatı istiqamətində, əsasən çayçılıq və sitrus meyvəçiliyi sahəsində birgə kadr hazırlığı ilə əlaqədar bağlanmış müqaviləyə görə, Lənkəran Peşə Liseyinin “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” qrupunun məzunlarının bilik və təcrübələrinin yekun qiymətləndirilməsi Elmi Tədqiqat İnstitutunun Lənkəran çay filialında keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müqaviləyə əsasən, Elmi Tədqiqat İnstitutunun əməkdaşları Lənkəran Peşə Liseyində kadr hazırlığına cəlb olunublar. Tədris müddətində Liseyin tələbələri Lənkəran çay filialında sitrus və çay bağlarının salınmasında yaxından iştirak edib, istehsalat təcrübələrini institutun istehsalat təcrübə bazasında keçiblər.
Məzunların bilik və bacarıqları mütəxəssislər tərəfindən qiymətləndirilib.
Lənkəran Peşə Liseyinin kənd təsərrüfatı sahəsində institutla əməkdaşlığının ilkin mərhələsi müsbət nəticə verdiyinə görə, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi və yaxşı nəticə göstərən məzunların institutun filiallarında işlə təmin olunması məsələsi müzakirə edilib.