REGİONLAR
Lənkəran Peşə Liseyinin tələbələri yeni sosial layihəyə imza atıblar VİDEO
Lənkəran, 22 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Peşə Liseyinin “Gənc Texniklər Qrupu” fiziki enerjini elektrik enerjisinə çevirən velotrenajor hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədris ili ərzində müxtəlif sahələrdə biznes və sosial layihələrin təqdimatını həyata keçirən tələbələr bu dəfə liseyin müəllimi Etibar Nəhmətlinin rəhbərliyi ilə fiziki enerjini elektrik enerjisinə çevirən qurğu təqdim ediblər.
Tələbələrin hazırladığı velotrenajorda fiziki hərəkət vasitəsilə birbaşa elektrik enerjisi almaq və avtomobil akkumulyatorunu enerji ilə doldurmaq olur. Qurğu vasitəsilə akkumulyator 220-250 volt cərəyan verir.
Liseydən bildiriblər ki, bu qurğuların daha təkmil formalarını şəhərin müxtəlif yerlərində qurmaqla həm vətəndaşlar asudə vaxtlarında məşq edə bilər, həm də onların fiziki hərəkəti nəticəsində iri akkumulyatorlara enerji vermək olar. Bu alternativ enerji ilə şəhər və parkları işıqlandırmaq mümkündür. Ən əsası odur ki, gənclər innovativ layihələr üzərində işləməyi öyrənirlər.