ELM VƏ TƏHSİL


Lənkəran Regional Elmi Mərkəzində ötən il tədqiqatlar altı mövzu əsasında aparılıb

Bakı, 3 fevral, AZƏRTAC

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 2021-ci ildə elmi tədqiqatlar iki problem, altı mövzu (3-ü fundamental və 3-ü tətbiqi) əsasında aparılıb, dörd mövzu və dörd iş başa çatdırılıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Rəyasət Heyətinin növbəti iclasında Lənkəran Regional Elmi Mərkəzinin direktoru professor Fərman Quliyev söyləyib. O bildirib ki, mərkəz tərəfindən aparılan elmi-tədqiqat işləri Lənkəran-Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanılması və qorunub saxlanılmasına, yeni sortlarının yaradılmasına, Lənkəran-Astara bölgəsinin floristik tərkibinin və yabanı bitki müxtəlifliyinin, xüsusən nadir bitkilərin bioekoloji və fitosenotik xüsusiyyətlərin öyrənilməsinə, regionun folklor, etnoqrafiya, arxeoloji və numizmatik abidələrinin aşkarlanması, sistemləşdirilməsi, əldə edilən arxefaktların elmi dövriyyəyə daxil edilməsi və kataloqlaşdırılmasına həsr olunub. Çay bitkisi üzərində müasir klon seleksiyası üsulu ilə tədqiqat işləri aparılıb, 50-dən çox forma-klon müəyyənləşdirilərək, onların bir sıra morfoloji və bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsuldarlığı, keyfiyyət göstəriciləri nəzarət kimi götürülmüş “Azərbaycan-2” çay sortu ilə müqayisə edilərək hərtərəfli qiymətləndirilib. Müsbət göstəriciləri ilə seçilən “FAQ-22” və “FAQ-15” çay forma-klonları 2022-ci ildə Dövlət Sort Sınağına təqdim edilmək üçün hazırlanıb.

Fərman Quliyev, eyni zamanda, 2021-ci ildə Botanika İnstitutu ilə birgə Lənkəran rayonunun Qamışovka, Aşağı və Yuxarı Nügədi, Liman kəndləri ətrafında tədqiqatların aparıldığını, rayonun meşə ekosistemlərində 22 nadir növün qeydə alındığını, onlardan dördünün ot, birinin kol, birinin lian, digərlərinin isə ağac növləri olduğunu söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.