REGİONLAR
Lənkəran Sərhəd Dəstəsində hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib
Lənkəran, 20 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sərhədçilər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin səviyyəsinin yüksəldilməsi, onlarda Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi, sərhədçi peşəsinə rəğbətin artırılmasıdır.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, ehtiyatda olan polkovnik Cəlil Xəlilov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan, sərhədçilərin şərəfli və məsuliyyətli işindən danışıb.
Azərbaycanın həmişə tolerant ölkə olduğunu, burada yaşayan müxtəlif millətlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayan C.Xəlilov ötən əsrin 90-cı illərində bu tolerantlıq mühitindən sui-istifadə edən erməni separatçılarının xəyanət yolunu seçdiklərini diqqətə çatdırıb. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmadığını təəssüf hissi ilə qeyd edən C.Xəlilov bu gün Azərbaycanın güclü orduya malik olduğunu, Silahlı Qüvvələrimizin düşmən tapdağı altındakı torpaqlarımızın azad olunması üçün Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiyini bildirib.
C.Xəlilov hərbi-vətənpərvərlik mövzusunun həmişə prioritet məsələlərdən olduğunu qeyd edib, Vətənin müqəddəs sərhədlərinin qorunması sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Sonra Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə və Lənkəran Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Rakif İbadov mövzu ilə bağlı çıxış ediblər.
Tədbirdə ehtiyatda olan polkovnik Cəlil Xəlilov müəllifi olduğu “Milli Təhlükəsizlik Strategiyası” kitabını Lənkəran Sərhəd Dəstəsinə hədiyyə edib, xidmətdə fərqlənən sərhədçilərin bir qrupuna “General Cəmşid Naxçivanski” yubiley medalını təqdim edib.