REGİONLAR
Lənkəran polisi məktəbliləri narkomaniya, erkən nikah və dini radikalizmin təhlükələri mövzularında maarifləndirib
Lənkəran, 16 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Boladı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmin təhlükələri” mövzularında tədbir keçirilib.
Tədbirdə polis şöbəsinin əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, bu gün Daxili İşlər Nazirliyinin və eləcə də yerli polis orqanlarının əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz, qətiyyətli mübarizə aparılır.
Bununla yanaşı, yeniyetmə və gənclərin bu bəlaya düşməməsi, narkotikdən və digər zərərli vərdişlərdən uzaq durması üçün vaxtaşırı təhsil müəssisələrində və digər kollektivlər qarşısında maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, bu cür tədbirlər artıq öz təsirini göstərməkdədir.
Tədbirdə, eyni zamanda, erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi mənfi hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.
Çıxışlarda erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Rayon təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov və digərləri polis əməkdaşları tərəfindən təhsil müəssisələrində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, şagirdləri bu cür həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.