REGİONLAR
Lənkəran polisi yeni koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini davam etdirir
Lənkəran, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.
Reyd zamanı, həmçinin sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskadan istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülərin də tibbi maskadan istifadə etmədiyi, nəqliyyat vasitəsinə normadan çox sərnişin götürdüyü müəyyən edilib. Bu halların infeksiyanın yayılması riskini artırdığı onlara izah edilib və həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Reyd zamanı taksi fəaliyyəti ilə məşğul olan şəxslərin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb və karantin qaydalarını pozanlar barəsində inzibati protokollar tərtib edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə 15 oktyabr saat 00:00-dan giriş-çıxış dayandırılıb.