CƏMİYYƏT


Lənkəran rayonunda bələdiyyə sədrinin səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törətmələri hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir. Həmin tədbirlərdən biri kimi, Lənkəran rayonunun Xanbulan bələdiyyəsinin sədri işləyən Kazım Məmmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.

Lənkəran Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabrında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan 3 min manat məbləğində pul vəsaiti aldığı müəyyənləşdirilib. Həmçinin onun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.