REGİONLAR
Lənkəran sakini bambukdan məişət əşyaları və aksesuarlar hazırlayır REPORTAJ VİDEO
Lənkəran, 29 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəran sakini dünyanın ən tez böyüyən bitkisi olan bambukdan müxtəlif növ məişət əşyaları düzəldir. O, bu maraqlı məşğuliyyətindən həm zövq alır, həm də gəlir əldə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranın Talışlı kənd sakini, ixtisasca mədəniyyət işçisi olan Eynulla Calalovun maraqlı hobbisi var. Boş vaxtlarını həyətindəki emalatxanada bambukdan müxtəlif növ əşyalar düzəltməklə keçirən Eynulla Calalov bu sənəti özünə 15 ildir məşğuliyyət seçib.
O deyir ki, bambuk bitkisi Lənkərana ötən əsrin 50-ci illərində Gürcüstandan gətirilib: “Həmin vaxtdan, sovxozlar dövründən bambuk daha geniş istifadə olunur. Həyətimizdə bambuk ağacı bitdiyinə görə düşündüm ki, bundan bəlkə bir şeylər düzəldim. İlk əl işim isə kreslo oldu. Gördüm ki, heç də pis alınmadı. Sonra stol-stul düzəltməyə başladım”.
Eynulla usta bu işin daha çox zəhmət və diqqət tələb etdiyini bildirir: “Bambukdan stol-stul düzəltmək üçün əvvəlcə ölçülərinə uyğun kəsirəm. Sonra həmin hissələr yüksək temperaturda qurudulmalı və ən azı bir sutka qalmalıdır. Bir stolu düzəltməyə haradasa, 5-6 gün vaxt gedir, stullar isə 3-4 gün vaxt aparır”.
Usta daha çox gündəlik tələbat duyulan məişət əşyaları sırasında stol, stul, kitab rəfi, səbət və masa üzərinə qoyulacaq aksesuarlar hazırlayır.
Eynulla ustanın bambukdan düzəltdiyi əl işlərinə maraq çoxdur. Onun əl işləri dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. Bu işlərə görə fəxri fərman və diplomlara layiq görülüb. Eynulla ustaya bu günlərdə Ailə Biznesinə ASAN Dəstək (ABAD) tərəfindən də əməkdaşlıq təklifi gəlib.