REGİONLAR
Lənkəran sakini fərdi təsərrüfatında brama cinsli toyuqlar saxlayır
Lənkəran, 6 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə aqrar bölmənin bütün sahələri kimi, quşçuluğun inkişafına da diqqət artırılıb. Daxili bazarda quş əti və yumurtaya tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə bölgələrdə yeni quşçuluq təsərrüfatları yaradılır.
AZƏRTAC xəbər verir ki, uzun illər fərdi quşçuluq təsərrüfatı ilə məşğul olan Lənkəran rayonunun Vilvan kənd sakini Sərraf Səmədov iki ildir brama cinsli toyuqlar saxlayır. O, Rusiyadan gətirdiyi cins toyuqları artıraraq onların sayını 400-ə çatdırıb.
Cins toyuqların satışına gəldikdə, S.Səmədov bazarlarda maraq və qiymətin gözlədiyindən də yüksək olduğunu deyir: Müştərilərin bəziləri bu toyuqları saxlamaq, bəziləri yemək üçün alırlar. Bir cütünü 80-100 manata satmışam. Maraq göstərənlər çoxdur. Artıq saxladığım toyuqların 200-ü satılıb. Qonşu rayonlarla yanaşı, Bakıdan da alıcılar var.
Qeyd edək ki, ilk dəfə Amerikada yetişdirilən brama toyuq cinsləri əvvəllər ətlik istiqamətində bəslənilsə də, sonradan gözəl görünüşünə və sakit davranışına görə həvəskarlar tərəfindən bəzək quşu kimi həyətlərdə saxlanılmağa başlanılıb.
Soyuğa və xəstəliyə davamlı bu cins xoruzların çəkisi 7-8 kiloqrama çatır.