REGİONLAR
Lənkəran sakinləri dünya ictimaiyyətini Xocalı soyqırımına biganə qalmamağa səsləyiblər
Lənkəran, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 26-da Lənkəran şəhərində Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirə Parkındakı Ana abidə-kompleksi qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, şəhər sakinləri abidə-kompleksin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Xocalı faciəsinin 28-cı ildönümü ilə əlaqədar rayonun ali, orta-ixtisas və ümumtəhsil məktəblərində soyqırımına həsr edilmiş dərslər, rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə anım mərasimləri, rəsm və kitab sərgiləri təşkil edilib.
Anım mərasimində iştirak edən rayon sakinləri Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləyərək, dünya ictimaiyyətini bu soyqırımına biganə qalmamağa səsləyib, işğal altındakı bütün torpaqlarımızın düşməndən azad ediləcəyinə əminliklərini bildiriblər.