MƏDƏNİYYƏT
Lənkəran şəhər Mədəniyyət Mərkəzində rəssam Firudin Quliyevin fərdi sərgisi təşkil olunub
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Fəxri mədəniyyət işçisi, istedadlı rəssam Firudin Quliyevin 75 illiyi münasibətilə fərdi yaradıcılıq rəsm sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov sərgi iştirakçılarına görkəmli rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, həmçinin incəsənət sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Firudin Quliyevi fəxri fərmanla təltif edib.
Tədbirdə rəssam Şöhrətdin Səbziyev və Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Sonra görkəmli sənətkarın müxtəlif mövzulara aid rəsm əsərlərinə baxış keçirilib.
İyulun 27-dək davam edəcək sərgiyə giriş sərbəstdir.