CƏMİYYƏT
Lənkəran şəhərində aviabomba tapılıb
Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 13-də saat 13:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran şəhəri, Tağıyev küçəsi 136 ünvanının yaxınlığında mərminin tapılması barədə məlumatlar daxil olub.
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AZƏRTAC-a bildirilib ki, qurumun xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (AO-25) aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aviabombanın ətrafındakı əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.