İQTİSADİYYAT
Lənkəran şəhərində qəzalı vəziyyətdə olan yaşayış binaları təmir edilir
Lənkəran, 27 aprel (AZƏRTAC). 2004-cü ildə Lənkəran şəhərində insan tələfatı ilə nəticələnən beşmərtəbəli yaşayış binasının çökməsindən sonra Nazirlər Kabinetnin qərarı ilə şəhərdəki bütün çoxmərtəbəli binalara mütəxəssislər tərəfindən baxış keçirilmışdir.
AZƏRTAC xəbər verir ki, baxış zamanı ötən əsrin 70-ci illərində inşa olunmuş çoxmərtəbəli yaşayış binalarının əksəriyyətinin qəzalı vəziyyətdə olması aşkar edilmişdir.
Ötən müddət ərzində Lənkəran şəhərindəki bütün qəzalı binalarda əsaslı təmir-bərpa işləri aparılır. İndiyədək 9 çoxmərtəbəli yaşayış binasında əsaslı bərpa-gücləndirilmə işləri aparılmışdır. Qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli binanın təhlükəli vəziyyətdə olan daha ikisinin əsaslı bərpası isə bu il nəzərdə tutulmuşdur.
Lənkəran şəhərinin Mikrorayon yaşayış massivində, akademik Zərifə Əliyeva küçəsi, 78,1 ünvanında yerləşən beşmərtəbəli, 36 mənzilli yaşayış binası qəzalı vəziyyətdə olduğuna görə sakinlər mənzillərindən köçürülmüşdür.
Hər bir ailəyə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən ev kirayəsi üçün ayda 150 manat pul vəsaitinin ödənilməsi təmin olunmuşdur. Artıq qəzalı vəziyyətdə olan binanın təmir işlərinə başlanılmış və onun bir neçə ay müddətində başa çatdırılmağı nəzərdə tutulmuşdur.