REGİONLAR
Lənkəran şəhərinin küçələri asfaltlaşdırılır
Lənkəran, 30 iyul, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə uğurla həyata keçirilən islahatlar həyatımızın bütün sahələrində dinamik inkişaf üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə yaradılan bu imkanlar hesabına ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunda da sosial-iqtisadi inkişaf davamlı şəkil alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya şəraitinə baxmayaraq, bu ilin birinci yarısında Lənkəran rayonunda bütün sahələrdə iş ahəngdarlığı durmadan yüksəlib, yeni layihələrin icrası geniş vüsət alıb.
Lənkəran şəhərində, qəsəbə və kəndlərdə tikinti, abadlıq-quruculuq işləri həyata keçirilərək səliqə-sahman yaradılıb, yollar boyunca divarlar, barılar suvaqlanaraq yenidən rənglənib, ağac və gül kolları əkilərək yeni yaşıllıqlar yaradılıb, şəhərin çoxmənzilli yaşayış binalarının dam örtüklərində və fasadlarda təmir işləri aparılıb.
Hazırda Lənkəran şəhərində küçələrin asfaltlanması işləri görülür, səkilərdə cari təmir işləri aparılır.
Şəhərin M.Ə.Sabir, C.Cabbarlı, A.Məmmədli, M.F.Axundzadə, Dədə Qorqud küçəsi, S.Vurğun, İ.Qayıbov, Hacı Nəsir küçələri, Nizami küçəsi ilə akademik Z.Əliyeva küçəsini birləşdirən dalan yolu, akademik Z.Əliyeva küçəsi, 78/6 nömrəli binanın qarşısındakı yol, Şeyx Zahid küçəsi döngə 1, eyni zamanda, Liman şəhərinin R.Rza küçələrində asfaltlanma işlərinə başlanılıb.
Adları çəkilən küçələrdə ümumilikdə 22 min kvadratmetr yol sahəsinə isti asfalt döşənilməsi nəzərdə tutulub.
“Yol-Tikinti” ASC tərəfindən həyata keçirilən asfaltlanma işləri yüksək keyfiyyətlə aparılır.
Şəhər sakinləri küçələrin asfatlaşdırılması və digər təmir-bərpa işlərindən razılıqlarını ifadə ediblər.