REGİONLAR
Lənkəran teatrı yeni mövsümə “Ay lolo və ya moskvalı gəlin” komediyası ilə başlayıb
Lənkəran, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 127-ci mövsümə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, aparıcı səhnə ustaları, Xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, aktrisa Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı uğurlardan, bu mövsümdə qarşıda duran vəzifələrdən danışıblar.
Açılış mərasimindən sonra tamaşaçılara yazıçı Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” komediyası təqdim olunub.
Teatrın rejissoru, Əməkdar Artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş sovet dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını yaxından öyrənməsinə şərait yaradır. Amma bunun hiylə olmasının üstü açılır. Sonda ata-anaları rus qızını oğlanları üçün almağa razılaşsalar da, Nataşa Moskvaya qaçır...
Maraqla izlənilən tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları Əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Allahverən Babayev, Təranə Fərəcova, Sayad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.