CƏMİYYƏT
Lənkəran və Beyləqanda fitosanitar müşahidələr və maarifləndirmə tədbirləri aparılıb
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fitosanitar müşahidələr və fermerlərin bu sahədə maarifləndirilməsi tədbirlərini davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, AQTA-nın mütəxəssisləri bu istiqamətdə növbəti dəfə Lənkəran rayonunda sitrus bitkiləri becərən sahibkarlarla görüşüblər.
Sahibkarlara aqrokimyəvi maddələrdən istifadə, pestisidlərlə işləyən zaman əməl edilməli təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, sitrus bitkilərinə zərər verən orqanizmlər və onlara qarşı mübarizə tədbirləri yüksək məhsuldarlığa nail olmaq və fitosanitar sabitliyi qorumaq baxımından çox vacibdir.
Görüş çərçivəsində AQTA-nın mütəxəssisləri tərəfindən sitrus bağlarında müşahidələr aparılıb, təsərrüfat sahiblərinə lazımi tövsiyələr verilib.
Agentliyin əməkdaşları tərəfindən növbəti fitosanitar müşahidələr Beyləqan rayonunda 187 hektar nar bağında aparılıb. Müşahidələr zamanı meyvə bağlarında zərərli orqanizmlərdən olan mənənə və yastıcalar aşkarlanıb. Təsərrüfat sahiblərinə kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilib.