REGİONLAR


Lənkəran və Biləsuvarda aztəminatlı ailələrə sosial yardımlar edilib

Lənkəran, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Tələbə könüllülərlə birgə “COVID-19” pandemiyasına qarşı mübarizənin təşkili” layihəsi çərçivəsində Biləsuvar və Lənkəran şəhərində aztəminatlı ailələrə ərzaq yardımı və tələbə könüllülər tərəfindən ictimai yerlərdə tibbi maska və gigiyenik spirtlər paylanılıb.

İctimai Birliyin sədri, layihə rəhbəri Mehman Əliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, layihə çərçivəsində pandemiyadan əziyyət çəkmiş və sosial cəhətdən dəstəyə ehtiyacı olan aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımlarının verilməsi poçt filialı vasitəsilə həyata keçirilib.

Aidiyyəti dövlət qurumları və vətəndaş müraciətləri əsasında tərtib olunmuş siyahı üzrə təşkilatın əməkdaşları tərəfindən hər bir ailənin yaşadığı ünvanlar monitorinq edilib, həmin şəxslərin aztəminatlı olub-olmamağı araşdırılıb və yekun siyahı hazırlanıb. Yardımlar daha çox ehtiyacı olan ailələrə göndərilib.

Layihəyə cəlb edilmiş 10 nəfər tələbə könüllü tərəfindən ictimai yerlərdə əhaliyə yeni koronavirus (COVID-19) infeksiyasından qorunmaq məqsədilə bir həftə ərzində tibbi maska və gigiyenik spirtlər paylanılıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd COVID-19 pandemiyası ilə mübarizədə aztəminatlı şəxslərə dəstək olmaqla, tələbələr arasında könüllü fəaliyyəti təbliğ etmək, könüllü fəaliyyətlə bağlı onların əhatə dairəsini genişləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.