REGİONLAR
Lənkəran və Cəlilabad sakinlərindən narkotik vasitə götürülüb
Lənkəran, 15 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ərzaq dükanında narkotik gizlədən rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Elçin Qasımov qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 3 kibrit qutusunda çəkisi 14 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Qasımova məxsus Lənkəran şəhəri ərazisində yerləşən ərzaq mağazasına keçirilən baxış zamanı oradan 70 ədəd kibrit qutusunda və 3 ədəd bağlamada ümumilikdə 1 kiloqram 780 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
X X X
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayonunun Göytəpə şəhər sakini Əli Bağırov saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı oradan ayrı-ayrı bağlamalarda 4 kiloqram 280 qram heroin, 1 kiloqram 225 qram psixotrop maddə metamfetamin, 96 qram həşiş qətranı, 39 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.