ELM VƏ TƏHSİL
Lənkəran və Kürdəmirdə yeni məktəb açılıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də yeni tikilmiş Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin və Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbi üçün də yeni tikilmiş tədris binasının açılışı olub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin açılışında təhsil nazirinin müşaviri Elnur Nəsibov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və məktəb direktoru iştirak edib. Məlumat verilib ki, yeni tikilmiş məktəb 264 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Təhsil müəssisəsində 40 yerlik yeməkxana, 103 yerlik akt zalı üçün də şərait yaradılıb.
Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.
Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılışında isə təhsil nazirinin müşaviri Kənan Kərimzadə, Kürdəmir Rayon icra başçısının müavini Vəsilə Əsgərli, rayon təhsil şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak edib. Tədbirdə qeyd edilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. Məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Məktəbdə 120 yerlik yeməkxana, 240 yerlik akt zalı üçün də şərait yaradılıb.
Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.