CƏMİYYƏT
Lənkəran və Lerik rayonlarında reyd keçirilib
Bakı, 31 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı 99 RC 914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində həcmi 13,1 kubmetr olan müxtəlifcinsli işlik meşə materialı aşkarlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı avtomobili idarə edən şəxsin Lerik rayon sakini Mirməmməd İbrahimov olduğu müəyyənləşib.
Lerik rayonu ərazisində keçirilən reyd zamanı isə rayonun Piran kəndi ərazisində Biləsuvar rayon sakini Yaşar Mirzəyevin idarə etdiyi “QAZel” markalı 10 XD 178 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 180 kisə kömür aşkarlanıb.
Hər iki faktla bağlı akt tərtib edilib və meşə fonduna dəyən 2860 manat məbləğində ziyan hesablanıb. Təqsirkarlar barəsində qanunauyğun tədbirlər görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.