REGİONLAR
Lənkəran və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəkidə və Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və inkişaf imkanlarının artırılması məqsədilə keçirilən treninqlərdə tütün, barama və ipək istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması, biznes-planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən növbəti treninq Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes-inkubator rezidentləri üçün heyvandarlıq təsərrüfatlarının idarə edilməsi mövzusunda təşkil edilib.
Tədbirlərdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.