Lənkəranda 10 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
Lənkəranda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir. Bu istiqamətdə keçirilən ardıcıl əməliyyatlarla daha səkkiz nəfər saxlanılıb, qanunsuz dövriyyədən 10 kiloqramdan çox güclü təsiredən xassəyə malik narkotik vasitə çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Onun idarə etdiyi avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər rayon sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə, A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirirlər.



Xəbərin mətnində orfoqrafik səhv var