REGİONLAR
Lənkəranda 38 kilometrlik yol yenidən qurulur VİDEO
Bakı, 27 avqust, AZƏRTAC
Lənkəranda ümumi uzunluğu 38,6 kilometr olan avtomobil yolları 3 və 4-cü texniki dərəcəyə uyğun bir-neçə istiqamət üzrə müasir şəkildə yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 kilometrlik hissəsidir.
Yenidənqurma işləri çərçivəsində yolların yararsız örtüyü sökülüb, torpaq yatağının yararsız hissələri qazılıb çıxarılıb, yol əsasının alt və üst layının inşası aparılıb. Sözügedən işlərin əhatə etdiyi sahə təqribən 380 min kvadratmetrdir.
Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Bu çərçivədə müxtəlif diametrlərə malik 1922 poqonmetr uzunluğunda 164 dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb və izolyasiya olunub.
Hazırda agentliyin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, əlaqələndirici bitum səpilməklə yolların iri və xırda dənəli asfalt-beton qarışığı ilə örtülməsi, çiyin hissələrin isə optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılır.
İşlər yekunlaşdıqdan sonra yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.