REGİONLAR


Lənkəranda Əbabil quşu tapılıb FOTO VİDEO

Lənkəran, 9 aprel, İsmayıl Cəfərli, AZƏRTAC

Lənkəranda dünyanın nadir quşlarından olan Əbabil quşu tapılıb.

AZƏRTAC xəbər verir ki, Quranda adı keçən Əbabil quşları Rzayevlər ailəsinin evinə pənah gətirib. Bu quşlara nadir hallarda rast gəlinir. Ev sahibi Elmira Rzayeva deyir ki, Ədabil quşları əvvəllər bu evdə tək-tək gözə dəyirdi. Amma bu günlərdə üç Əbabil quşu ilə rastlaşıb. “Quşlar bir il bundan qabaq evimizdə görünmüşdü, onda adi quşa bənzətdik və çölə buraxdıq. İkinci və üçüncü dəfə də gəldi. Yenə çölə buraxdıq. Sonra araşdırdıq, məlum oldu ki, bu quş müqəddəs quşdur”, - deyə Elmira Rzayeva vurğulayır.

Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar: “Biz bu quşu vəhşi quş bilirdik. Onun üçün hər dəfə onları təbiətə buraxırdıq. Sonra bu quşlar barədə yaxınlarımıza xəbər verdik. Bu quşların evimizə gəlişində bir hikmət var dedilər“.

Bu quşlar haqqında “Qurani-Kərim”də geniş məlumat verilib. Əbabil quşuna məşhurluq gətirən hadisəni ilahiyyatçı Hacı Fəxri Sadıqov belə izah edir: “Əbabil quşlarını məşhur edən “Qurani-Kərim”in “Fil” surəsində adının xatırlanmasıdır. Həzrəti Peyğəmbərimiz dünyaya gəlməmişdən bir ay əvvəl Həbəşistan kralının nümayəndəsi ƏbuLəhəb Kəbəni dağıtmaq üçün Məkkəyə hücum edir. Həmin hücum zamanı səmada bir dəstə quş dövr edərək, toplu halda hərəsi 3 ədəd daş götürüb ordunun üzərinə atır. Düşmən geri çəkilməyə məcbur olur. Buna görə də, bu quşlar hər zaman sevilir”.

Əbabil quşları ömürlərinin çox hissəsini havada keçirir. Yerə təkcə qidalanmaq üçün qonur. Quşların pənah gətirdiyi evin sahibi də onları təbiətə buraxmaq niyyətindədir.

Qeyd edək ki, Ədabil sağangillər dəstəsinə mənsub olan 16-17 santimetr bədən uzunluğuna malik qaranquşa bənzər quş növüdür. Əbabili qaranquşdan ayıran ən əsas özəlliyi onun bədən quruluşunun daha böyük olması və yüksəklikdə uçmasıdır. Köçəri quşlar sinfinə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.