REGİONLAR


Lənkəranda Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb

Lənkəran, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizə gələn xarici turistlərə Azərbaycanda tarixən dövriyyədə olan yerli və əcnəbi pul vahidlərini, sikkələri tanıtmaq məqsədilə cənub bölgəsində numizmatika muzeyi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Lənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkələr aşkar edilib. Dirhəm və fəlslərdən ibarət sikkələr o dövrün 17 ilini əhatə edir. Qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib.

AMEA-nın Lənkəran Elmi Mərkəzinin arxeologiya şöbəsinin müdiri Mais Cəfərov bu barədə məlumat verərək deyib: “Metal əşyalar qəbul olunan məntəqədə bu pulları təsadüfən əldə etdik. Pulları təmizlədikdən sonra məlum oldu ki, onlar mis sikkələrdir və Atabəylər dövrünə aiddir”.

Dirhəmlərin üzərində “La İlahə İləllah, Muhəmmədən RəsulAllah” və 4 rəşidi xəlifələrin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adları həkk olunub. Bu onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur.

Tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur. Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərinin araşdırlması baxımından xüsusi əhəmiyyət daşıyır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, XI-XII əsrlərin ticarət şəbəkəsi olan tarixi İpək Yolunun şaxələrindən biri Cənub-Şərq bölgəsindən keçib.

Yeni tapıntıların əhəmiyyətliliyi nəzərə alınaraq ilk dəfə Cənub-Şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən M.Cəfərov bildirib ki, aşkar edilmiş sikkələrin kataloqu yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq.

M.Cəfərov ölkəmizin cənub bölgəsində numizmatika muzeyinin təşkil edilməsinin də nəzərdə tutulduğunu bildirib: “Bölgəyə turistlər gələndə onlar tarixlə maraqlanırlar. Biz burada numizmatik muzey yaratsaq, o kataloq da onlar üçün bir istiqamət rolunu oynayacaq. Sikkələrin böyük bir əhəmiyyəti ondan ibarətdir ki, bu bizim dövlətçilk tariximizdir”.

Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda Azərbaycan Tarix Muzeyinin numizmatika və epiqrafika şöbəsində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.