REGİONLAR
Lənkəranda Gənclər Günü qeyd olunub
Lənkəran, 31 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 31-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülən işlərdən ətraflı söhbət açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gəncləri qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, gənclərlə iş sahəsində əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir.
Lənkəranda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayan T.Qaraşov 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsinin, həmin tarixdən başlayaraq ölkəmizdə Gənclər Gününün böyük təntənə ilə qeyd edilməsinin gənclərimizin həyatında çox əlamətdar hadisə olduğunu, ölkəmizdə gənclər siyasətinin Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını bildirib.
Taleh Qaraşov çıxışında, həmçinin gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın sürətli inkişafına töhfə verməyə, Vətənə, dövlətə sədaqətli olmağa çağırıb.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədovun 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı məruzəsi dinlənilib.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.