REGİONLAR
Lənkəranda Hirkan Milli Parkının yaradılmasının 15 illiyi qeyd olunub
Lənkəran, 11 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Hirkan Milli Parkının yaradılmasının 15 illiyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Hirkan Milli Parkının direktoru Azər Mirzəyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılan Milli Park ölkəmizin cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında məqsəd ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş flora və fauna növlərinin qorunub saxlanması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.
Ötən il Milli Parkın ərazisində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışan A.Mirzəyev qeyd edib ki, ərazidə ekoturizmin təşkili ilə bağlı 10 marşrut yaradılıb, 90 ədəd istiqamətverici və məlumat lövhələri yerləşdirilib. Milli Parkın inzibati binasının həyətində istirahət mərkəzi yaradılıb, burada 51 növ relikt və endemik bitki əkilib. Osaküçə, Alaşa və Ağ körpü nəzarət-buraxılış məntəqələri təmir edilib.
Tədbirdə çıxış edənlər Milli Parkın qorunması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Çıxışlarda qeyd olunub ki, son illər Milli Parka gələn turistlərin sayı üç dəfədən çox artıb. Təkcə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Milli Parka 2000-dən çox şagird səfər edib.
Diqqətə çatdırılıb ki, Milli Parkın ərazisində bəbirlərin sayının artırılması da son illərin uğurlarıdır.
Tədbirin sonunda Milli Parkın əməkdaşlarının bir qrupuna fəxri fərmanlar verilib.