REGİONLAR
Lənkəranda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
Lənkəran, 23 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəranda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri, Lənkəran Rayon Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli və Tacəddin Sadıqov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Rayon Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ağakişi Baloğlanlı insan hüquq və azadlıqları haqqında, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu sahədə görülən işləri, həyata keçirilən layihələri diqqətə çatdırıblar.
Çıxış edənlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin həyata keçirildiyini bildiriblər.
Tədbirdə, həmçinin 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm hadisə olduğunu qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 16 may 2017-ci il tarixli Sərəncamı, eləcə də 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsi tarixi keçmişimizə verilən yüksək dəyərdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.