REGİONLAR
Lənkəranda “İşğaldan azad olunan abidələrimiz” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Lənkəran, 26 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 26-da Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə idarənin rəisi Mikayıl Cəfərzadə çıxış edərək 1994-cü il iyulun 26-da ulu öndər Heydər Əliyevin ölkə gənclərini vahid təşkilat altında birləşdirmək məqsədilə imzaladığı Fərmanla Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılıb.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev gənclərə daim diqqət və qayğı göstərir. Bu diqqətin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində gənclərimiz Ali Baş Komandanın ətrafında sıx birləşərək mənfur düşməndən torpaqlarımızı azad etdi.
Tədbirdə iyulun 18-dən 22-dək Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilmiş “İşğaldan azad olunan abidələrimiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, 42 məktəblinin iştirak etdiyi müsabiqədə birinci yerə Aysu Xamiyeva, ikinci yerə Elmir Kərimli, üçüncü yerə isə Pərvin İmanova layiq görülüblər.
Müsabiqənin qaliblərinə və fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunub.