REGİONLAR
Lənkəranda “Mədəniyyət - davamlı inkişafın amili kimi” mövzusunda müzakirələr aparılıb
Lənkəran, 27 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 27-də Lənkəran Dövlət Universitetində (LDU) keçirilən elmi seminarda “Mədəniyyət - davamlı inkişafın amili kimi” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirdə ölkəmizin beş ali məktəbinin və AMEA-nın müvafiq elmi institutlarının nümayəndələri iştirak ediblər.
Elmi seminarda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev potensialların inteqrasiyasının vacibliyini vurğulayaraq, birgə layihələrin həyata keçirilməsini tövsiyə edib.
Seminarda müxtəlif dövlət və elm müəssisələrinin nümayəndələrinin “İslamda kitabxanaşünaslıq mədəniyyəti”, “İslam həmrəyliyi ümumbəşəri dəyərlər kontekstində”, “İslam və Dünyəvilik mədəniyyəti: Azərbaycan təcrübəsində”, “Yoxsulluğun aradan qaldırılmasında İslam iqtisadiyyatının inkişaf istiqamətləri” mövzularında məruzələri dinlənilib.
Tədbir çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Qeyd edək ki, layihənin əsas məqsədlərindən biri respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltmək və bu sahədə çalışan əməkdaşların hazırlıq dərəcəsini artırmaqdır.
Yerli və xarici elmi müəssisələr ilə imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində Mərkəz tərəfindən müxtəlif təyinatlı layihələr reallaşdırılıb. Onların sırasına müxtəlif birgə çap məhsullarının nəşri, tədbirlərin keçirilməsi və təcrübə mübadilələrinin təşkili də daxildir.