REGİONLAR


Lənkəranda “Məktəb və teatr” layihəsinin icrasına başlanılıb

Lənkəran, 22 fevral, Bağır Əliyev, AZƏRTAC 

Fevralın 22-də Lənkəran Dövlət Dram Teatrının təşkilatçılığı ilə “Məktəb və teatr” layihəsinin icrasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Lənkəran Peşə Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə reallaşıb.

Teatrın truppası sənət ocağının səhnəsində Üzeyir Hacıbəylinin hekayə, felyeton və pamfletləri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi “Olanlardan-keçənlərdən” komediyasını təqdim edib.

Premyerası 1985-ci il martın 28-də olan və ötən 34 il müddətində 2 min dəfədən çox göstərilən bu səhnə əsərində xalqın maariflənməsi və mənəvi dəyərlərə çağırış kimi motivlər üstünlük təşkil edir.

Səhnə əsərində Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Adil Zeynalov, Sucəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov, Qızılgül Quliyeva, Emin Fərzullayev, Rauf Zeynalov və Nizami Qurbanov iştirak ediblər.

Tamaşadan sonra teatrın direktoru Tofiq Heydərov və peşə liseyinin direktoru Afər Kərimov layihənin əhəmiyyətindən, bu cür tədbirlərin şagirdlərin mənəvi tərbiyəsindəki rolundan danışıblar. Qərara alınıb ki, teatrla peşə liseyinin qarşılıqlı əlaqələri mütəmadi xarakter daşısın.

Sonda peşə liseyi şagirdlərinin əl işlərindən nümunələr teatra hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.