REGİONLAR
Lənkəranda Milli Qurtuluş Günü bayram ovqatı ilə qeyd olunub
Lənkəran, 15 iyun, Bağır Əliyev, AZƏRTAC
Çağdaş Azərbaycan tarixinin parlaq səhifəsi olan Milli Qurtuluş Günü ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da təntənəli şəkildə, əsl ümumxalq bayramı kimi qeyd olunub. Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, əmək kollektivlərində, ictimai təşkilatlarda tədbirlər, yığıncaqlar, sərgilər təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 15-də Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açıb. Bildirilib ki, Ümummilli Liderin parlaq dühası ilə qurulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib gündən-günə qüdrətlənən müstəqil Azərbaycan dövləti bu gün hər bir vətəndaş üçün qürur mənbəyidir. Azərbaycanın bütün bölgələri kimi, Lənkəran da sürətlə inkişaf edir, rayonun sosial-iqtisadi və mədəni həyatında köklü dəyişikliklər baş verir. Qazanılan bütün uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürüb.
Ümumrayon tədbiri Lənkəran Şəhər Mədəniyyət Mərkəzində elmi-praktik konfrans və bayram konserti ilə yekunlaşıb.