REGİONLAR
Lənkəranda “Nizami Gəncəvi İli” çərçivəsində videokonfrans və virtual sərgi keçirilib
Lənkəran, 16 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 16-da Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin, Gəncə şəhərindəki Nizami Gəncəvi Muzeyinin və Nizami Gəncəvi Məqbərəsinin birgə təşkilatçılığı, qardaş Türkiyə dövlətindən olan qonaq - Selçuk Universiteti Ədəbiyyat fakültəsi Fars Dili və Ədəbiyyatı Bölüm Başkanı, professor doktor-Ali Tamizelin iştirakı ilə “Nizami Gəncəvi İli” çərçivəsində dahi Azərbaycanın şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliği məqsədi ilə videokonfrans və virtual sərgi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin "Mətbuat və informasiya" şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nazmiyya Yigitoglu, filologiya üzrə fəlsəfə doktoru, muzeyin qadınlar təşkilatının sədri Sevinc Heydərova, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova və qardaş Türkiyə dövlətindən olan qonaq Ali Tamizel çıxış ediblər.
Çıxış edənlər dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirirdi. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdı. 1981-ci ildə Ümummilli Liderin bilavasitə təşəbbüsü və iştirakı ilə ölməz sənətkarın 840 illik yubileyinin keçirilməsi ölkəmizin mədəni həyatının əlamətdar hadisəsinə çevrildi.
Diqqətə çatdırılıb ki, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.
Daha sonra Bakı və Gəncə şəhərlərində yerləşən Nizami Gəncəvi Muzeylərinə və Gəncə şəhərindəki Nizami Gəncəvi Məqbərəsinə virtual səyahət təşkil olunub.