REGİONLAR
Lənkəranda Qurban bayramı ilə əlaqədar heyvan kəsimi və satışı məntəqəsi təşkil olunub
Lənkəran, 20 iyul, Bağır Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkəranda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq Lənkəran şəhərinin Füzuli küçəsində quraşdırılmış çadır tipli kəsim və satış məntəqəsində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunurdu.
Lənkəranın və ətraf rayonların sakinləri, bölgənin qonaqları məntəqənin yaxınlığında qurbanlıq qoyunları seçib aldıqdan və həmin heyvanlar baytarlıq nəzarətindən keçdikdən sonra sanitar-gigiyenik tələblər gözlənilməklə və dini ayinlər icra olunmaqla kəsilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi qurbanlıq heyvanların alışına və kəsiminə ciddi nəzarət edirdilər.
Cənub bölgəsinin sakinləri Qurban bayramı ilə əlaqədar yaradılmış şəraitdən razılıqlarını ifadə edərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində isə Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə verilib.
Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Qurban bayramı günlərində ölkə üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir.
Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.