REGİONLAR
Lənkəranda “Strongmen” idman növünün inkişafı ilə bağlı məsələlər müzakirə olunub
Lənkəran, 9 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdə “Strongmen” idman növünün inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müzakirələrdə Əməkdar məşqçi-müəllimlər Məmməd Məmmədov və Teymur Əliquliyev, məşqçi-müəllimlər Emin Qurbanov, Kamran Əliyev, Amil Azimov və Şahmar Məmmədov çıxış ediblər. Çıxışlarda Lənkəran rayonunda yeniyetmə və gənclərin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri üçün hərtərəfli şəraitin olduğu vurğulanıb, “Strongmen” idman növünün rayonda inkişaf etdirilməsindən ötrü hər cür şəraitin yaradıldığı bildirilib.
Tədbirdə 11-13 sentyabr tarixlərində Bakı şəhərində “Strongmen” idman növü üzrə açıq havada keçiriləcək Azərbaycan çempionatında Lənkəran şəhərini təmsil edəcək idmançıların müəyyən edilməsi qərara alınıb.
Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə çıxışında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarlara hamılıqla əməl edilməsinin vacibliyini diqqətə çatdırıb.