REGİONLAR
Lənkəranda Tovuz döyüşlərinə, insan hüquqları və gender bərabərliyinə həsr olunmuş tədbir keçirilib
Lənkəran, 15 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər Evində “Vətən sizinlə qürur duyur - Tovuz şəhidlərinin qəhrəmanlıq yolu”, “İnsan hüquqları və gender bərabərliyi” mövzularında tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maarifləndirmə tədbirində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə çıxış edib. Bildirib ki, Tovuz döyüşlərində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olması onu göstərdi ki, Azərbaycanın yüksək rütbəli zabitləri ön cəbhədə əsgərlərimizlə birgə döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər.
Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Aprel zəfərindən sonra Tovuz döyüşlərində və 44 gün davam edən Vətən müharibəsi zamanı tarixi Qələbəyə imza atdı.
Mövzu ilə bağlı çıxışlarda qeyd olunub ki, ölkəmizdə zorakılıqla bağlı həyata keçirilən tədbirlərə, görülən işlərə baxmayaraq, hələ də bu sahədə neqativ hallara rast gəlinir. Zorakılığa məruz qalan, eyni zamanda, zorakılıq törətmiş şəxslərin qeydiyyata götürülməsi və onlarla profilaktik işin aparılması, zərər çəkmiş şəxslərə yardımların göstərilməsi istiqamətində dövlət orqanları daha sıx əlaqəli işləməlidirlər.
Diqqətə çatdırılıb ki, ölkəmizdə güclü qanunvericilik bazasının mövcud olmasına baxmayaraq, əhali arasında maarifləndirmənin genişləndirilməsi mütləqdir.
Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.