MƏDƏNİYYƏT
Lənkəranda “Vəhdət dəyərimizdir” adlı seminarın açılışı olub
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Lənkəranda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində həyata keçirilən üç günlük seminarın açılış mərasimi olub.
Fonddan AZƏRTAC-a bildirilib ki, əvvəlcə seminar iştirakçıları ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərində yerləşən abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Asif İmanlı seminarın əhəmiyyəti barədə fikirlərini bildirərək qeyd edib ki, tədbirdə ölkəmizin 10 müxtəlif rayonundan olan dini icma sədrləri və din xadimləri iştirak edirlər. Mənəvi Dəyərlərin Təbliği Fondu həyata keçirdiyi bu kimi tədbirlər ölkəmizdə mövcud olan vəhdət ənənələrinin güclənməsinə böyük töhfə verir.
Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycanda vəhdət ənənəsinin qorunması hər bir müsəlman üçün mənəvi borcdur. Qeyd edib ki, bu ənənələrin inkişafı və möhkəmləndirilməsində din xadimləri və ilahiyyatçıların böyük rolu var. Diqqətə çatdırıb ki, dini mövzuda yazılmış əsərlərimizə, mədəni irsimizə, ilahiyyatçı alimlərimizin təfsir kitablarına nəzər saldığımız zaman vəhdət ənənəsinin köklərinin nə qədər dərin olduğunun şahidi oluruq.
Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə ölkəmizdə tarixən müxtəlif dinlər və məzhəblər arasında mövcud olan vəhdətdən, möminlərin qardaşlığından bəhs edib. Layihənin ilk tədbirinin Lənkəran şəhərində keçirildiyi üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.
Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən üç günlük seminar çərçivəsində Lənkəran rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.