REGİONLAR
Lənkəranda Vətən müharibəsinin şəhidi Emil Şıxəlizadənin adı əbədiləşdirilib
Lənkəran, 22 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına vuruşub düşməni məhv edən igidlərin sırasında lənkəranlı gənclər də var. Vətənə sonsuz məhəbbət, düşmənə dərin nifrət hissi ilə döyüşə qatılan bu gənclərdən biri də Lənkəran rayonunun Gərmətük qəsəbə sakini Şıxəlizadə Emil Şahin oğludur.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general–mayoru Həzi Aslanovun həmkəndlisi olan Emil Şıxəlizadə Vətən müharibəsində çətin və şərəfli döyüş yolu keçərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, igid döyüşçünün xatirəsini əbədiləşdirmək məqsədilə doğulduğu Gərmətük qəsəbəsində onun adına bulaq tikilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bulaq abidə kompleksinin açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 44 günlük Vətən müharibəsində lənkəranlı gənclərin göstərdiyi şücaətdən danışaraq, onların qəhrəmanlığının əsl vətənpərvərlik məktəbi kimi hər bir gənc üçün örnək olduğunu söyləyib.
Şəhidin atası Şahin Şıxəlizadə oğlunun qəhrəmanlığından qürur duyduğunu bildirərək, övladının xatirəsinin ədədiləşdirilməsi ilə bağlı görülən işlərə və ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mərasim iştirakçıları şəhid Emil Şıxəlizadənin ev-muzeyi ilə tanış olub, məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.