CƏMİYYƏT
Lənkəranda Xəzər dənizini çirkləndirən obyektlər cərimələnib
Bakı, 31 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Xəzər dənizinin sahil zolağında reyd keçiriblər.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reydlər zamanı Lənkəran rayonunun Xəzər dənizinin sahili zonasında fəaliyyət göstərən bir ictimai-iaşə obyektində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa dənizə axıdıldığı, bir neçəsində isə əmələ gələn məişət tullantılarının qalaqlandığı və yandırıldığı müəyyən olunub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən, ümumilikdə 3100 manat məbləğində cərimə olunublar. Nöqsanların aradan qaldırılması üçün obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
Reydlər davam etdirilir.