REGİONLAR
Lənkəranda Xəzər dənizinin sahili tullantılardan təmizlənib VİDEO
Lənkəran, 27 may, İlkin Adıyev, AZƏRTAC
Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənuba bütün sahillərində ümumrespublika təmizlik aksiyaları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xəzərin Lənkəran ərazisi sahilinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan ekoloji aksiyaya ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Lənkəran Gənclər Evinin 100-ə yaxın könüllüləri, idarə, müəssisə və digər qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri qoşulub.
Aksiya iştirakçıları Lənkəran şəhər Sütəmurdov kəndi ərazisində sahil boyu üç kilometr ərazini plastik, məişət tullantılarından və sintetik torlardan təmizləyib, üç tona yaxın toplanmış tullantıların çeşidlənməsini həyata keçirib, daha sonra şəhərin təmizlik departamentinin nümayəndələrinə təhvil veriblər.
Lənkəranlı gənc Rəsul Rzayev: “Bu gün bura gəlmişik ki, dənizin şəhərimizə aid hissəsini insanlar tərəfindən buraya atılan məişət tullantılarından, balıqçıların qoyub getdiyi torlardan təmizləməkdir. Buradan dəniz qırağında dincələn hər kəsə səslənirəm ki, məişət tullantılarınızı dəniz sahilinə deyil, zibil qutularına atın”.
“Bu aksiyada iştirak edərək şəhərimizin dəniz sahilini tullantılardan təmizləyirik. Belə aksiyaların keçirilməsi ətraf mühitin ekoloji durumunun saflaşmasında, insanların sağlamlığına müsbət təsirində müstəsna əhəmiyyəti var”, – deyə lənkəranlı gənc Jalə Fəttayeva bildirib.