REGİONLAR
Lənkəranda “Xocalı dəhşətləri” mövzusunda tədbir keçirilib
Lənkəran, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı dəhşətləri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilərin, tələbələrin və gənclərin iştirak etdiyi, iki gün davam edən anım tədbirində iştirakçılar əvvəlcə Lənkəran şəhərində Azərbaycanlıların Soyqırımı Qurbanları Xatirə Parkındakı abidə-kompleksin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirin iştirakçıları Heydər Əliyev Memorial Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar.
Anım tədbirində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Xocalı faciəsinin insanlığa sığmayan dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olduğunu, məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verildiyini bildirib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Famil Məmmədov Xocalıda baş verən erməni amansızlıqlarından, erməni millətçilərinin törətdiyi vəhşiliklərdən danışıb.
Anım mərasimində gənclərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya, Xocalı dəhşətlərini özündə əks etdirən film nümayiş olunub.
Mərasim iştirakçıları “Xocalı faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə də tanış olublar.