REGİONLAR
Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Lənkəran, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Çağdaş Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Lənkəran şəhərinin mərkəzində Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı “Ana” heykəli qarşısında anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində onlayn tədbirlər təşkil olunub.
Bu münasibətlə keçirilən onlayn sərgi-müsabiqədə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Boladi kənd sakini İsmayılov Taleh Səndəl oğlunun övladı, Boladi kənd 1 nömrəli tam orta məktəbin III sinif şagirdi Yusif İsmayılov səsləndirdiyi şeirə görə birinci yerə layiq görülüb.
Lənkəran Dövlət Dram Teatrının truppasının ifasında isə faciə qurbanlarına həsr olunmuş audio-video kompozisiyanın təqdimatı olub. Audio-video kompozisiya teatrın rəsmi “Facebook” səhifəsində, eləcə də səsgücləndirici qurğular vasitəsilə Lənkəran şəhərinin mərkəzi ərazilərində yayımlanıb.
Anım günü ilə əlaqədar Lənkəran şəhərində, rayonun kənd və qəsəbələrində dövlət bayraqları endirilib, saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.