REGİONLAR


Lənkəranda altı ayın yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Lənkəran, 10 avqust, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ötən aylarda sosial-iqtisadi inkişafın sürətlə davam etdiyini, tikinti-abadlıq və mədəni quruculuq işlərinin geniş vüsət aldığını bildirib.

Qeyd olunub ki, rayonda ümumi məhsul buraxılışı 1,1 faiz artaraq 199,8 milyon manat təşkil edib. Sənayedə 21,5 milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilə nisbətən 1,0 faiz çox olub. Qeyri-dövlət sektorunda sənaye istehsalının həcmi 17 milyon manat olmaqla, ümumi həcmdə onun xüsusi çəkisi 78,9 faiz, sənayedə çalışanların orta aylıq əməkhaqqı isə 27,8 faiz artaraq 389,9 manat təşkil edib. Ümumilikdə rayonda 1304 iş yeri açılıb, onlardan 961-i daimi iş yerləri olub.

Rayonda iqtisadiyyatın və sosial sahənin inkişafına 23,6 milyon manat investisiyanın yönəldildiyini, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcminin 22,5 milyon manat təşkil etdiyini vurğulayan T.Qaraşov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə rayonun 5 yaşayış məntəqəsini birləşdirən, 11 min nəfər əhalinin yaşadığı, 7 kilometr uzunluqda olan Hirkan-Mamusta-Siyavər, 55 kilometrlik Lənkəran-Lerik magistral avtomobil yollarının yenidən qurulmasının, qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikilməsinin əhali tərəfindən razılıqla qarşılandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə çəltikçiliyin, sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair qəbul olunmuş Dövlət proqramları bu sahələrə marağı daha da artırıb və əkin sahələri dəfələrlə genişlənib.

Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası çərçivəsində uzun fasilədən sonra ötən il ilk dəfə olaraq Lənkəran rayonunda barama istehsalına başlanılıb. Bu il ötən ildəkindən çox - 8,8 ton yüksək keyfiyyətli barama tədarük olunub.

Vurğulanıb ki, rayonda sosial məsələlərin həllinə diqqət artırılıb. Ötən altı ayda Lənkəran şəhərində və rayonun ayrı-ayrı yaşayış məntəqələrində abadlıq-quruculuq işləri davam etdirilib.

Müzakirələrdə çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi sahədə görülmüş işlərdən danışaraq, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.