REGİONLAR
Lənkəranda aztəminatlı ailələrdən olan yeniyetmələrə idman geyimləri və idman ləvazimatları paylanılıb
Lənkəran, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə "Lənkəran Peşəkar İdman Klubu" İctimai Birliyi tərəfindən icra edilən “Aztəminatlı ailələrdən olan çağırışaqədərki gənclərə fiziki tərbiyənin inkişafı üçün idman geyim dəsti və zəruri idman ləvazimatının verilməsi” layihəsi çərçivəsində Lənkəran rayonunda yaşayan aztəminatlı ailələrdən olan 10 nəfər yeniyetməyə idman geyim dəsti və idmanda istifadə edilən zəruri ləvazimatlar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq havada, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən mərasimində “Lənkəran Peşəkar İdman Klubu” İctimai Birliyinin prezidenti, layihə rəhbəri Vüqar Sultanov uşaqlarda və yeniyetmələrdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, onlarda idmana marağın artırılması baxımından layihənin əhəmiyyətindən danışıb.
"Maarifpərvəlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin sədri Afiq Məlikov, "Şəfəq" Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev və idman ustası-məşqçi Samir Cavadlı çıxışında vətənpərvərlik ruhunun yüksəldilməsi, hərbi çağırışaqədərki dövrdə yeniyetmələrin fiziki sağlamlığının artırılması, yeni koronavirus (COVID-19) pandemiyası şəraitində aztəminatlı ailələrə, o cümlədən onların övladlarına stimullaşdırıcı dəstəyin göstərilməsi baxımından belə bir layihənin icrasını yüksək dəyərləndiriblər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd çağırışaqədərki gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların fiziki hazırlığının inkişaf etdirilməsinə dəstək olmaqdır.