REGİONLAR
Lənkəranda aztəminatlı ailələrə psixoloji və sosial yardım göstərilib
Lənkəran, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Səhiyyə Nazirliyinin tərəfdaşlığı ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyi tərəfindən icra edilən “Koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə psixoloji və sosial yardımların göstərilməsi” layihəsi çərçivəsində Lənkəran rayonunun Separadi, Velədi, Ürgə, Vel, Gərmətük, Xarxatan, Aşağı Nüvədi, Göyşaban, Şilavar kəndləri, Lənkəran və Liman şəhərində 10 gün ərzində 25 çoxuşaqlı aztəminatlı ailəyə ərzaq, tibbi-gigiyenik vasitələr (tibbi maska, tibbi spirt və sabun bağlamalar) verilib və psixoloji yardım göstərilib.
Layihə rəhbəri İntiqam Səfərovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, aidiyyəti dövlət qurumları və vətəndaş müraciətləri əsasında təşkilatın əməkdaşları tərəfindən hər bir ailənin yaşadığı ünvanda onların yaşayış vəziyyəti təhlil edilib, layihəyə uyğunluğu bir daha yerində araşdırılıb və siyahısı hazırlanıb. Bu səbəbdən yardımlar daha çox ehtiyacı olan ailələrə verilib.
İ.Səfərov yeni koronavirus pandemiyası dövründə layihə çərçivəsində sosial yardımla yanaşı, psixoloji yardımın göstərilməsinin də çox əhəmiyyətli olduğunu bildirib. O, bəzi ailələrin pandemiya nəticəsində ciddi psixoloji sarsıntılara məruz qaldığının şahidi olduğunu qeyd edib.