REGİONLAR


Lənkəranda baramaçılığın inkişaf perspektivləri müzakirə olunub

Lənkəran, 17 aprel, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. Baramaçılığın yem bazasının yaradılması üçün 2016-2017-ci illərdə Çin Xalq Respublikasından gətirilmiş 49 min tut tingi əkilib. Rayonda bu sahədə qabaqcıl təsərrüfatlardan biri də “Yaşıl çay” MMC-dir. Burada baramaçılıq təsərrüfatı yaradılıb, 12 min tut tingi əkilib. Ölkəmizdə ilk dəfə olaraq Çin mütəxəssislərinin iştirakı ilə həmin tingləri artırmaq üçün budaqlardan calaq üsulu ilə tut ağaclarının sayı 100 minə çatdırılıb. Artıq təsərrüfatda Çin texnologiyası üzrə fəaliyyət göstərəcək kümxana quraşdırılıb.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, fermer təsərrüfatında istifadəyə verilmiş kümxanada keçirilən səyyar ümumrayon müşavirəsində rayonda baramaçılığın inkişaf perspektivləri müzakirə edilib.

Tədbirdə çıxış edən “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov baramaçılığın inkişafı ilə bağlı təsərrüfatda görülən işlər barədə müşavirə iştirakçılarına məlumat verərək bildirib ki, kümxana Çin Xalq Respublikasının mütəxəssislərinin tövsiyələri əsasında qurulub və burada yüksəkkeyfiyyətli barama məhsulu istehsalı məqsədilə lazımi şərait yaradılıb.

A.Yaqubov çıxışında görülən işlərin digər təsərrüfatlar üçün də təcrübə bazası olacağını, bununla əlaqədar digər kümçülərlə təcrübə mübadiləsi aparmağa hazır olduqlarını diqqətə çatdırıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin vaxtında icra edilməsindən danışıb, cari ildə ilk məhsul kimi 3 ton baramanın istehsalı üçün bütün səylərin səfərbər olunması, gələcəkdə bu sahədə təsərrüfatların genişləndirilməsi, yem bazasının artırılması və ipəkqurdunun saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Müşavirə iştirakçıları baramaçılıq təsərrüfatının kümxanasında yaradılan şərait və yeni salınmış tinglik sahəsi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.